Bakıda keçiriləcək arena polo üzrə Avropa çempionatının təqdimat mərasimi olub
Bakıda keçiriləcək arena polo üzrə Avropa çempionatının sentyabrın 13-də təqdimat mərasimi olub.

Tədbirdə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev, Avropa Polo Federasiyasının prezidenti, Beynəlxalq Polo Federasiyasının vitse-prezidenti Piero Dillier və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çempionatda 4 komandanın mübarizə aparacağını söyləyən ARAF-ın baş katibi Bəhruz Nəbiyev deyib: “Avropa çempionatında Azərbaycanla yanaşı, Avstriya, İsveçrə və İspaniya komandaları iştirak edəcəklər. Bütün yığmalar bir-birilərinə qarşı oynayacaqlar. Toplanmış xallara əsasən yarımfinal görüşləri keçiriləcək. Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması olacaq. Hər komandanın heyətində 3 idmançı yer alacaq. Amma yığmalar müxtəlif sayda oyunçular təqdim ediblər. Millimizin heyətində azərbaycanlı idmançılarla yanaşı, legionerlər də var. Heyətlə bağlı qərarı baş məşqçi verəcək. Komandamız yarışa tam hazırdır. Qaydalara əsasən, bütün iştirakçıları atla biz təmin edirik. Atlar isə ədalətli olsun deyə püşkatma əsasında bölüşdürüləcək. 2015-ci ildəki ilk qitə çempionatına da Bakı ev sahibliyi edib. Həmin yarış Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb”.

Sonda Avropa çempionatındakı komandaların təqdimatı olub.

Xəbər 235 dəfə oxundu.