Bu gün daha 3 Azərbaycan güləşçisi dünya çempionatında mübarizəyə başlayacaq
Bu gün Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq), qadınlardan ibarət millimizin üzvü Tatyana Omelçenko (62 kq) döşək üzərinə çıxacaqlar.

M.Məmmədov səkkizdəbir finalda Viktor Petrik (Ukrayna) - Rabbi Kilandi (Konqo) cütünün qalibi ilə, S.Şəriəti isə 1/16 finalda Hindistan təmsilçisi Satiş Satişlə üz-üzə gələcək. T.Omelçenko isə təsnifat mərhələsində Vyetnam idmançısı Ti Nquyenlə görüşəcək.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Onların rəqibləri hələlik müəyyənləşməyib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.

Xəbər 252 dəfə oxundu.