İlqar Rəhimov: İdmançılarımız məsuliyyətlərini dərk edirlər
Dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq. Dörd ölkədən Bakıya mütəxəssislər gəlib. Hər paneldə 2 həkim olacaq. Bütün idmançılar yarışdan 5 gün öncə tibbi təsnifatdan keçəcəklər.

Bu sözləri Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov deyib.

Bakıda keçiriləcək dünya çempionatının “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi sonuncu mundial olacağını bildirən AMPK-nın rəhbəri nüfuzlu yarışın reytinq xalları qazandırdığını vurğulayıb.

“Yarışdan sonra beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq. Hazırlıq prosesi Sumqayıtda baş tutacaq. Orada bütün lazımi şərait var. Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Biz çox sıx işləyirik. Yarışın təşkilində federasiyanın böyük rolu var. Bu, bizə daha böyük ruh verir. Həmçinin Gənclər və İdman Nazirliyi bizi dəstəkləyir və əlavə stimul verir", - deyə İ.Rəhimov əlavə edib.

İ.Rəhimov Azərbaycan paracüdoçularının dünya çempionatında uğurlu çıxışına inandığını vurğulayıb: "İdmançılarımız məsuliyyəti dərk edirlər. Ümid edirəm ki, bu yükün altından çıxıb, xalqımızı sevindirəcək və öz reytinq xallarını artıracaqlar".

Qeyd edək ki, dünya çempionatı noyabrın 8-10-da keçiriləcək.

Xəbər 197 dəfə oxundu.