“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayıb
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayıb.

Ağdam təmsilçisi Almaniyada, “Europa-Park” stadionunda “Frayburq” komandasının qonağı olub.

Belçikalı baş hakim Erik Lambrextsın idarə etdiyi oyunda "Frayburq"un start heyətində Mark Flekken, Filip Linhardt, Maksimilian Eggeştayn, Nils Petersen, Kiliann Sildillia, Nikolas Höfler, Mattias Ginter, Çon U Yon, Kristian Günter, Vinçentso Qrifo və Ritsu Doan yer alıblar.

Azərbaycan çempionunun start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges. Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.

Matça Almaniya klubu fəal başlayıb. Oyunun 2-ci dəqiqsində Ritsu Doanın fərqlənməsinə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev imkan verməyib. Qarşılaşmanın 5-ci dəqiqəsində Toral Bayramov cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim VAR-a baxdıqdan sonra komandamızın qapısına penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib. Səkkiz dəqiqə sonra Almaniya klubunun yarımmüdafiəçisi Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 39-cu dəqiqəsində “Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviç baxımlı qola imza atıb. Qarşılaşmanın ilk hissəsi “Frayburq”un 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Ağdam təmsilçisi ikinci hissədə üstün oyun nümayiş etdirsə də, fərqlənə bilməyib. Matçın 53-cü dəqiqəsində Kadi Borgesin güclü zərbəsini qapıçı Mark Flekken dəf etməyi bacarıb. Qarşılaşmanın 70-ci dəqiqəsində K.Borges növbəti dəfə M.Flekken səddini keçə bilməyib. Abdullah Zubirin 80-ci dəqiqədə başla zərbəsindən sonra qapıçı topu tutub. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.

Beləliklə, görüş “Frayburq”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

G qrupunun digər oyununda isə “Nant” Fransada “Olimpiakos”u (Yunanıstan) məğlub edib – 2:1.

"Qarabağ" sentyabrın 15-də iikinci tur çərçivəsində “Nant”ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq.

Xəbər 355 dəfə oxundu.