İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib
Bu günədək festivalın ünvanına ümumilikdə 50-yə yaxın film, proqram, promoçarx, reklam çarxı və musiqi klipi təqdim olunub. İlkin baxış nəticəsində ümumilikdə 18 layihə seçilib, festivalda iştirak üçün qəbul olunub və nominasiyalar üzrə bölünüb. İştiraka buraxılan videoməhsullar festivalın rəsmi internet səhifəsində (https://millitvfest.az/) və yutub kanalında (Milli İdman Televiziya Festivalı) tamaşaçıların onlarla tanış olmaları və səs vermələri üçün yerləşdirilib. Qeyd etmək lazımdır ki, videolara səs vermək üçün sadəcə kanalda qeydiyyatdan keçmək kifayətdir.

Bu fikirlər sentyabrın 2-də Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında səsləndirilib.

Mətbuat konfransında MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, stend atıcılığı üzrə Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Zemfira Meftahətdinova, münsiflər heyətində yer alan rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, MDB ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser Fatimə İbrahimbəyova və federasiya rəsmiləri iştirak ediblər.

Qeyd edilib ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının münsiflər heyətinin tərkibində idman və mədəniyyət xadimləri yer alıb. Festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinovadır. Rejissor Oleq Səfərəliyev, prodüser Fatimə İbrahimbəyova kimi Azərbaycan idman və incəsənətin inkişafında əməyi olan tanınmış şəxslərdən ibarət münsiflər heyəti festival çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə 3 ən yaxşı yerə layiq olan işləri seçib, qalibləri müəyyən edəcəkdir. Eyni zamanda, hər bir nominasiya üzrə münsiflər heyətinin xüsusi mükafatı təqdim olunacaq. Münsiflər heyəti oktyabrın 1-dən etibarən, festivala təqdim olunmuş videoməhsullara baxış keçirəcək. Baxış 10 gün ərzində reallaşdırılacaq.

Festivalın rəsmi yutub kanalında tamaşaçı səsverməsi aparılacaq və onun nəticələri də münsiflər heyəti tərəfindən nəzərə alınacaq. İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının sonunda təntənəli bağlanış mərasimi zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Mükafatlandırma mərasimi AZTV və AZTV İdman kanallarında yayımlanacaq.

Yarışmaya qatılmaq istəyən müəlliflər və təşkilatlar öz filmlər, proqramlar, reklam çarxları və musiqili kliplərini festivalın təşkilat komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim etməli və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərməlidirlər.

Xəbər 345 dəfə oxundu.