Oqtay Əsədov: Əsas məqsədimiz uşaq və yeniyetmələr arasından tennisçilər yetişdirməkdir
Ötən illər ərzində Azərbaycanda tennisin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülüb. Bu il Azərbaycanda ilk dəfə Bakıda kişilərarasında 2022-ci il “Davis Cup” kuboku keçirilib. Altı il dalbadal WTA (Qadın Tennisçilər Assosiasiyası) turniri təşkil edilib. Belə yarışların daha çox olmasına çalışırıq. Növbəti illərdə tennisin kütləviliyinə nail olmaq üçün bir sıra işlər görməyi planlaşdırırıq. Əsas məqsədimiz uşaq və yeniyetmələr arasından istedadlı tennisçilər yetişdirməkdir.

Bunu növbəti dörd il müddətinə Azərbaycan Tennis Federasiyasının prezidenti seçilmiş Oqtay Əsədov mətbuat konfransında deyib.

O qeyd edib ki, tennis bahalı idman növü olduğu üçün idmançı və məşqçi yetişdirmək bir az çətindir. Amma bu istiqamətdə bir sıra nailiyyətlər qazanılıb. Belə ki, idmançılarmız beynəlxalq yarışlarda mükafatalayiq yerlər tuturlar.

Federasiya prezidenti onu da vurğulayıb ki, pandemiya ilə bağlı bir sıra çətinliklər və fasilələr olsa da, artıq bu problemlər arxada qalıb: “Federasiya regionlarda da tennisi canlandırmaq üçün bir sıra işlər görəcək. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi təkliflər verib, biz də razılaşmışıq. Pandemiyaya qədər bizdə 220 uşaq, hazırda isə 90 uşaq tennislə məşğul olur. Uşaqlar və yeniyetmələrin inkişafına nail olmaq üçün səylərimizi daha da artıracağıq”.

Xəbər 482 dəfə oxundu.