Dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimizin üzvləri Vətənə qayıdıblar
Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimizin üzvləri Vətənə qayıdıblar.

119 xalla komanda hesabında dünya ikincisi olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və milli üzvlərinin yaxınları qarşılayıblar.

Millinin böyük məşqçisi Nurəddin Rəcəbov deyib: “Bizi ağır yarış gözlədiyini bildirdik. Bir neçə komanda ilə birgə yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Vitaminlə təmin olunmuşduq. Federasiya rəhbərliyinə və məşqçilərimizə təşəkkür edirəm. Hər şey yüksək səviyyədə idi. Nəticə də göz qabağındadır. Dünya çempionatında 50-yə yaxın ölkə təmsil olundu. Üç qızıl və 2 gümüş bürünc medal qazandıq. Komanda hesabında ikinci yeri tutduq. Son 8 ilin ən yaxşı nəticəsinə imza atdıq. Hər kəsi təbrik edirəm. Hətta bundan da yaxşı nəticə gözləyirdim. Bəzi çəki dərəcələrində gözlədiyimiz nəticəni ala bilmədik. Bu da zədələrlə bağlıdır. Bizim üçün çətin olacağını bilirdik. Çünki 97 və 130 kiloqram çəki dərəcələrində təmsil olunmurduq. Ancaq güvəndiyimiz idmançılarımız var idi. Tarixi nəticəyə imza atdıq. Bu gənclərimizə hətta qarşıdakı Olimpiya Oyunlarında da etimad göstərmək olar. Taktiki-texniki hazırlıqları qaydasındadır”.

Bu il Avropa və dünya çempionu olduğunu bildirən güləşçimiz Nihad Quluzadə bildirib ki, bir illik əziyyətimiz boşa getmədi. Məşqçilərimizə, diqqət və qayğısını bizdən əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Gənclərdəki son ilimi uğurla başa vurdum. Dünya çempionu olduğum üçün çox sevinirəm. Yunanıstan və Yaponiya güləşçilərinə tam üstünlüklə qalib gəldim. Ermənistan idmançısı ilə yarımfinal görüşü çətin keçdi. Şükür Allaha, ona da qalib gəldim. Finalda Avropa birinciliyində məğlub etdiyim Rumıniya güləşçisi ilə qarşılaşdım və yenə ona qalib gələrək dünya çempionu oldum.

Dünya çempionatının qızıl mükafatçısı Kənan Abdullazadə yarışda 5 görüş keçirdiyini deyib: “Bir neçə qarşılaşmada hesabda geridə olsam da, qələbə qazana bildim. Ən gərgin görüş Türkiyə güləşçisinə qarşı baş tutdu. Finalda Gürcüstan idmançısı ilə qarşılaşdım. Avropa çempionatında ona məğlub olmuşdum. Bu dəfə revanş aldım. Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan məşqçilərimizə təşəkkür edirəm”.

Bolqarıstanda qızıl medal qazanan Qurban Qurbanov bildirib ki, federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdaram. Beş il bundan əvvəl yeniyetmələr arasında dünya çempionu olmuşdum. Ondan sonra müxtəlif əyarlı medallar qazanmışdım. Ancaq gənclərdə dünya çempionu ola bilməmişdim. Allaha şükürlər olsun, əziyyətimiz yerdə qalmadı. Əlbəttə, bu nəticəni U-23 dünya çempionatında da təkrarlamaq olar. Ancaq heyəti məşqçilər müəyyənləşdirəcək. Çalışacağıq ki, həmin heyətdə yer alıb, ölkəmizi layiqincə təmsil edək”.

Xatırladaq ki, dünya çempionatında Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıblar.

Xəbər 292 dəfə oxundu.