Zaqatalada Respublika Şahmat Olimpiadasına start verilib
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib.

Olimpiadada ölkənin bütün şəhər və rayonlarının, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak edirlər. Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparır.

İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyır. Avqustun 31-də başa çatacaq yarışda ilk üç yeri tutacaq şahmatçılara diplom və medallar təqdim olunacaq.

On altı yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında baş hakimi Qüdrət İsmayılovdur.

Qeyd edək ki, yarış Azərbaycanda iştirakçı sayına görə ən kütləvi turnir hesab olunur.

Xəbər 233 dəfə oxundu.