Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.

D qrupunda çıxış edəcək yığma avqustun 20-də ilk oyununu Gürcüstan millisinə qarşı keçirəcək. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, yığmamız “Avro-2023”ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya millilərinə qarşı mübarizə aparacaq.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

“Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi isə Avropa çempionatının təsnifat mərhələsində mübarizəni davam etdirir.

Pərviz Səmədovun rəhbərlik etdiyi milli çıxış etdiyi A qrupunda son matçını bu gün Danimarka kollektivinə qarşı keçirəcək. Middelfartda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, yığmamız Danimarka millisinə qarşı keçirdiyi ilk matçda 1:3 hesabı ilə məğlub olub.

Xəbər 332 dəfə oxundu.