Uğur İbrahim Altay: V İslam Həmrəyliyi Oyunlarına hazırlaşarkən Bakının uğurlu təcrübəsindən yararlandıq
V İslam Həmrəyliyi Oyunları Konyada uğurla davam edir. Bu yarışın müsəlman dünyası üçün əhəmiyyəti böyükdür və yarışa marağın yüksək olması bizi sevindirir. Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı birincilik uğrunda mübarizə aparır.

Bu sözləri avqustun 17-də V İslamiadaya həsr olunan mətbuat konfransında Konya Böyükşəhər Bələdiyyəsinin rəhbəri Uğur İbrahim Altay deyib.

2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin möhtəşəm olduğunu bildirən U.Altay deyib: “Yarışa hazırlaşarkən Bakının uğurlu təcrübəsindən yararlandıq. Çalışdıq ki, biz də yarışları və açılış mərasimini əvvəlki kimi yüksək səviyyədə təşkil edək. Ümid edirəm ki, buna nail olmağı bacardıq”.

Konyanın 2022-ci il üçün İslam ölkələrinin idman paytaxtı seçildiyini xatirladan natiq şəhərin tarixi, mədəniyyəti və turizm potensialı barədə məlumat verib. Qeyd edib ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Konyanı 2023-cü ildə dünyanın idman paytaxtı elan edib. Bu bizi sevindirir və qarşımıza yeni hədəflər qoyur. Konya bu nüfuzlu ada alan ilk Türkiyə şəhəridir. Eləcə də Konya bu adı alan Madriddən sonra ikinci Avropa şəhəridir.

Könüllülərə təşəkkür edən U.Altay 2025-ci ildə Kameruna VI İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıb və qarşılıqlı əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Xəbər 204 dəfə oxundu.