Qara Qarayev: Çempionlar Liqasının himni altında meydana çıxmaq arzumuz idi…
“Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” komandası ilə Bakıda keçiriləcək ilk matç barədə öz fikirlərini bölüşüb.

O, oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib: “İşimizin ciddiliyinin fərqindəyik. Evdə oynayacağıq. Əlbəttə ki, azarkeşlərin oyuna bəslədikləri ümidi doğrultmağa çalışacağıq. Doğma meydan amili də bizim üstünlüyümüzdür. Əlimizdən gələni edəcəyik ki, tarixi nəticə əldə də bilək. “Viktoriya” Çempionlar Liqasının pley-off mərhələsinə çıxıbsa, deməli, bu komandanın oyununda xüsusi diqqət yetirilməli məqamlar var. Çalışacağıq ki, Bakıda keçirəcəyimiz ilk oyunda üstün tərəf biz olaq”.

Yarımmüdafiəçi qeyd edib ki, Bakıda havanın istiliyi nəinki qonaq komandaya, meydan sahibi üçün də çətinlik yaradır: "Bakının bürkülü havası bizik üçün də çətinlik yaradır. Lakin doğma meydan amili həmin çətinlikdən çıxmağa kömək edir. Bakıda həmişə hesab edirəm ki, biz 12 nəfərlə oynayırıq. Polşa və Macarıstanda hava daha sərin idi. Bu mənada burada oynamaq onlara daha çətin olur”.

“Eyforiyaya qapılmırıq, sevinməyə də vaxtımız yoxdur. Baş məşqçinin növbəti oyun üçün tapşırıqlarına əməl etməyə çalışırıq. Həyəcan böyük olsa da, səhv etmək olmaz. Komanda yoldaşlarımızla sabahkı matçın mahiyyətini dərk edirik. Bu, bizə həyəcan yox, əksinə məsuliyyət verir. Komandanın təmsil etdiyi ad var, məsuliyyət hissi var və bunu dərk edərək meydana çıxacağıq. Futbolçuların əksəriyyəti Çempionlar Liqasının himni altında meydana çıxmağı arzu edirdi və ona görə sabahkı oyunu hamımız gözləyirik”.

Xəbər 203 dəfə oxundu.