Gürcüstanın “Sakartvelos” qəzetində “Xarıbülbül” voleybol klubu haqqında məqalə dərc olunub
Gürcüstanın “Sakartvelos” (Gürcüstan) qəzetində Azərbaycanda yeni yaradılmış “Xarıbülbül” voleybol klubu haqqında məqalə dərc olunub.

Gürcü dilində dərc olunan məqalədə bildirilir ki, yalnız debüt mövsümündə kişilərdən ibarət olacaq komanda “Xarıbülbül” adı altında fəaliyyət göstərəcək.

Yeni komandanın hədəfi Vətən Müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, Azərbaycanı layiqincə təmsil etmək, bu adın idman dünyasında mümkün qədər populyarlaşmasına töhfə verməkdir.

Məqalədə qeyd edilir ki, “Xarıbülbül” artıq bu məqsədlə yeni mövsümdən uzun marafona start verəcək. Klub öncə Azərbaycan Yüksək Liqasında, ardınca avrokuboklarda özünü doğrultmağa çalışacaq.

“Xarıbülbül”ün gələcək planlarına qadın voleybolçulardan ibarət komanda formalaşdırmaq, dünyasəviyyəli kluba çevrilmək də daxildir.

Komandanın nəfis tərtibatda hazırlanan emblemində Azərbaycan bayrağının rəngləri və xarıbülbüllə yanaşı, II Qarabağ Müharibəsi şəhidlərinin sayı qeyd edilib.

“Xarıbülbül”un prezidenti Fatimə Hacıyeva olacaq. Tibb üzrə fəlsəfə doktoru, dosent Azərbaycan voleybol tarixinə ilk qadın rəhbər kimi düşəcək.

Komandanın təsisçisi isə beynəlxalq idman agenti, ölkənin ilk və yeganə idman brendi "İl Azero"nun təsisçisi İlqar İmamquliyevdir.

Qeyd edək ki, “Xarıbülbül” artıq yeni mövsüm üçün transfer çalışmalarına da start verib.

Komandanın məqsədi debüt mövsümündə çempion olmaqdır.

Xəbər 211 dəfə oxundu.