Qurban Qurbanov: Bu gün “Sumqayıt”la matçda qələbəyə layiq idik və oyunda vacib üç xal qazandıq
Komandamın futbolçularını təbrik edirəm. Biz bu gün intizamlı və əks-hücumlarda təhlükəli olan kollektivə qarşı oynadıq. Bu gün matçda qələbəyə layiq idik və oyunda vacib üç xalı qazandıq. Rəqib komandaya uğurlar arzulayıram.

Bunu Misli Premyer Liqasının ikinci turu çərçivəsində avqustun 13-də “Sumqayıt”la səfərdə qarşılaşan Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, UEFA Çempionlar Liqasının pley-off matçları çərçivəsində qarşılaşacağımız Çexiyanın “Viktoriya” (Plzen) klubunun oyununa baxmışam. Komandamıza qarşı daha çox sürpriz edə bilərlər. Onları yaxından təhlil etmək üçün hələ vaxtımız var.

Mütəxəssis daha sonra deyib: “Azərbaycan çempionatının üçüncü turunda "Turan Tovuz"la oyunun təxirə salınmasını mən istəmişəm. Çünki qarşılaşmalar arasında altı gün vaxt vardı. Son zamanlar sıx qrafiklə oynayırıq. Futbolçular çox yüklənir. Səfərə gedəcəyimiz üçün oyunçuların üç gün birlikdə hazırlaşmalarını istəyirik. Görüşün təxirə salınmanın faydasının olacağını düşünürəm. Oyun VAR sisteminə görə çox uzandı. Əgər biz əsas vaxta baxsaq, bəlkə də doxsan dəqiqə oynamışıq. Bizim hakimlər bu sistemə yeni öyrəşirlər. Odur ki, alınan qərarlarda bir az gecikirlər. İnanırıq ki, gələcəkdə hakimlər daha tez qərar verəcək”.

Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasında uğurla təmsil edərək pley-off mərhələsinə yüksələn sonuncu çempion “Qarabağ” bu gün Azərbaycan Premyer Liqasındakı səfər matçında “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.

Xəbər 353 dəfə oxundu.