Bakıda mötəbər Karate 1 Premyer Liqa turnirinə hazırlıq davam edir
Sentyabrın 2-4-də Bakıda ilk dəfə Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı – Karate1 Premyer Liqa turniri keçiriləcək.

Yarış Karate1 Premyer Liqa turniri seriyasından mövsümün 4-cü mərhələsi olacaq. Turnirlə bağlı Bakıya 60-dək ölkənin 300-dən artıq tanınmış karateçisi gələcək. Onların arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadınların hər birində 5 olmaqla 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32-dək idmançı mübarizə aparacaq. Onlar, əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Premyer Liqanı izləmək üçün WKF-in prezidenti Antonio Espinosla yanaşı, dünya karatesinin bir sıra nüfuzlu rəsmi şəxsi də paytaxtımızda bir neçə gün qonaq olacaq. Karate 1 Premyer Liqa turnirinin Bakı mərhələsi Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək. Turnirin yerli təşkilat komitəsi yarışın yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinə davam edir.

Turnirdə 15 karateçimiz mübarizə aparacaq. Yarışın ilk iki günü seçmə mərhələnin çıxışları, bazar günü isə final görüşləri keçiriləcək. Mükafatlar uğrunda görüşlər televiziya ilə canlı yayımlanacaq.

Mövsümün beşinci və son Premyer Liqa mərhələsi isə oktyabrın ilk günlərində Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçiriləcək. Məhz həmin yarışda mövsümün 5 mərhələsinin cəmində hər kateqoriya üzrə ən yüksək nəticə göstərmiş karateçilərə "Grand Winner" xüsusi mükafatı təqdim ediləcək.

Xəbər 275 dəfə oxundu.