Ayşən Abduləzimova: İslamiadaya qələbə ilə başlamaq əla motivasiya oldu
Uğurlu çıxışımızı davam etdirib buradan Vətənə qızıl medalla dönəcəyik. Komandamıza uğurlar arzulayıram.

Bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Seneqala qalib gəldikləri B qrupunun ilk oyunu barədə danışarkən deyib.

Bildirib ki, İslamiadaya qələbə ilə başlamaq əla motivasiya oldu. İki aydan çox idi ki, bu yarışa və "Avro-2023"ün təsnifat mərhələsinə hazırlaşırdıq.

"Bayraqdar seçilməyim yarışdakı məsuliyyətimi daha da artırdı. Bayrağımız hər zaman yüksəklərdə dalğalanmalıdır. Mən də bir idmançı kimi çalışacam ki, bu yarışda qalib gələrək üçrəngli bayrağımızı ucaldım", - deyə voleybolçu əlavə edib.

Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

İdmançılar 483 dəst medal uğrunda mübarizə aparırlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunur.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Xəbər 359 dəfə oxundu.