Güləşçilərimiz ASAPES-də fiziki və psixoloji testlərdən keçiriliblər
Sərbəst güləş üzrə millimizin 4 üzvü Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-Tədris Laboratoriyasında tibbi və fiziki testlərdən keçiriliblər.

Əliabbas Rzazadə, Turan Bayramov, Osman Nurmaqomedov və İslam İlyasov həkim müayinəsindən (əzələ fəaliyyətinin qiymətləndirilməsi, bədənin xüsusi tərkibinin ölçülməsi, sabitliyin (tarazlıq saxlama qabiliyyəti) ölçülməsi, fiziki gərginlik zamanı ürək-ağciyər sisteminin müayinəsi, 3-D antropometriya) və psixoloji testdən keçiblər.

Proqram hər idmançı üçün fərdi olaraq Böyük Britaniyanın klinik protokollarından (Institute of Sport and Exercise Health, University College London) və ComplexCore+ fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib olunub. Testlər ComplexCore+ şirkətinin baş əməliyyat və baş maliyyə direktoru Tomas Taro Netzer və Elmi-tədris laboratoriyasının mütəxəssisləri tərəfindən həyata keçirilib.

Sonra güləş üzrə yığma komandalarının məşqçiləri və federasiya rəsmiləri həmin laboratoriyada yaradılmış şəraitlə tanış olublar. Mütəxəssislər idmançılardan götürülmüş tibbi və psixoloji testlərin nəticələrini açıqlamaqla yanaşı, idman təbabəti, idman elmi, qidalanma, idman psixologiyası, laktat testləri və s. haqqında geniş məlumat veriblər.

Xəbər 214 dəfə oxundu.