Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə stolüstü tennis turniri keçirilib
Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə stolüstü tennis turniri keçirilib.

“Şüa” İdman Kompleksində təşkil olunan yarışda Azərbaycanın ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər.

Milli komandanın üzvlərinin qatıldığı yarışın açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və komitənin əməkdaşı İntiqam Səfərov MOK-un Azərbaycan idmanının inkişafındakı rolundan söz açıb, qurumun səmərəli fəaliyyətinin yeni uğurlara zəmin yaratdığını vurğulayıb.

Yubiley turniri, eyni zamanda İslamiada ərəfəsində qüvvələrə son baxış xarakteri daşıyıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda kişilərin turnirində Emin Məmmədov qalib gəlib. Vəzir Allahverdiyev yarışı ikinci, Adil Əhmədzadə isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsi Ləman Abdulhəmidovanın qələbəsi ilə yekunlaşıb. Arzu Aslanova fəxri kürsünün ikinci, Mərziyyə Nurmətova isə üçüncü pilləsinə qalxıblar.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının və Milli Olimpiya Komitəsinin mükafatları təqdim olunub.

Xəbər 335 dəfə oxundu.