Elmar İslam: Ümid edirik ki, stolüstü tennisçilərimiz onlara olan etimadı doğruldacaqlar
Dünyada populyar olan stolüstü tennisə Azərbaycanda da böyük maraq var. Ölkəmizdə bu idman növünün kütləviləşməsi, daha geniş yayılması üçün Azərbaycan Stolüstü Tennis Federasiyası mühüm tədbirlər həyata keçirir.

Bu fikirləri federasiyanın vitse-prezidenti Elmar İslam bildirib.

Azərbaycanda 50-ci illərin əvvəllərindən inkişaf etməyə başlayan stolüstü tennis üzrə ötən dövr ərzində bir çox tanınmış tennisçilərin yetişdiyini bildirən qurum rəsmisi qeyd edib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafı, kütləviləşməsi istiqamətində görülən genişmiqyaslı işlər ayrı-ayrı idman növlərinin inkişafı üçün də geniş imkanlar açıb: “Müstəqil Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan dünyanın idman ölkələrindən biri kimi tanınır. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və Avropa Stolüstü Tennis Birliyinin (ETTU) üzvüdür. Bu dövrdən başlayaraq ölkəmizin yığma komandası Avropa və dünya çempionatlarında iştirak etməyə başlayıb.

Hazırda dövlət tərəfindən idman sahəsinin inkişafına diqqət və qayğı göstərilməsi, eləcə də geniş idman infrastrukturunun yaradılması uşaq və yeniyetmələrdə digər idman növləri kimi stolüstü tennisə də marağı artırır. Bu gün stolüstü tennis üzrə milli komandamız müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Həmçinin federasiya Azərbaycan Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkil etdiyi bir çox layihələrə dəstəyini göstərir, Olimpiya komplekslərini, idman məktəblərini, eləcə də orta məktəblər və şəxsi stolüstü tennis zallarını müvafiq avadanlıq, stollar, raketka və s. ilə təmin edir.

Elmar İslam uşaqlar arasında bu idman növünün geniş yayılması üçün görülən tədbirlərdən danışaraq qeyd edib ki, ölkə rəhbərliyinin idmana olan yüksək diqqət və qayğısı ilə yaxın gələcəkdə qarşıya qoyulan hədəflərə nail olacaqlarına əmindir. Vurğulanıb ki, Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev bu idman növünün ölkəmizdə inkişafı və kütləviliyin artırılması istiqamətində bütün lazımi şəraiti yaradır. Federasiya cari ilin əvvəllərindən başlayaraq şəhər və regionlardan 6-8 yaşlı uşaqların idmana cəlb edilməsi üçün tədbirlər görür. Bakı, Sumqayıt, Şabran, Şirvan, Salyan, Şəki, Qax, Balakən şəhərlərində kiçik yaşlı idmançıların stolüstü tennislə məşğul olması üçün hər cür şərait yaradılıb.

Vitse-prezident bu il keçirilmiş ölkə yarışları ilə bağlı məlumat verib: “Cari ildə idmançılarımız bir çox ölkədaxili yarışlarda iştirak ediblər. İlin əvvəllərində - fevral ayında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları “Şüa” idman sağlamlıq kompleksində “Qələbə günü”nə həsr olunmuş turnirdə iştirak ediblər. Həmin ay ölkə çempionatı, eləcə də, qazilər, mətbuat işçiləri və tanınmış ictimaiyyət nümayəndələri arasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı qələbələr” adlı idman festivalı təşkil edilib.

Mart ayında nazirlik, komitə və agentliklərin qadın əməkdaşları Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş turnir keçirilib. Bu əlamətdar günlə bağlı aprel ayında azyaşlılar arasında ölkə birincilikləri təşkil edilib. Yarışlara Bakı tennisçiləri ilə yanaşı Gəncə, Sumqayıt, Quba, Qusar, Salyan, Şirvan, Şabran, Şəki, Qax və digər şəhərlərdən, ümumilikdə 150-yə yaxın tennisçi qatılıb. Həmin ay Sabunçu Gənclər Evində rayon gəncləri arasında Beynəlxalq Stolüstü Tennis Gününə həsr olunmuş yarış və Bakı şəhər məktəbliləri üçün ustad dərsləri keçirilib.

Bir ay sonra Qax Olimpiya İdman Kompleksində yeniyetmələr üçün təlim–məşq toplantısı, Şabran şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin təşkili, veteran tennisçilər arasında Sara Sultanovanın xatirə turniri, eləcə də 28 May - Müstəqillik Gününə həsr olunmuş və ölkənin ən güclü tennisçilərinin qatıldığı “TOP-8” yarışı təşkil edilib. İyun ayında isə Xaçmaz rayonunda 2010-cu il təvəllüdlü və daha azyaşlı idmançıların arasında şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş ölkə birinciliyində potensiallı və perspektivli idmançılar aşkar edilib. Ölkədaxili yarış və təlim-məşqlər stolüstü tennisçilərinin hazırlığının artırılmasında, yarış təcrübələrinin zənginləşdirilməsində mühüm rol oynayıb.

Qurum rəsmisi yığma komandamızın tərkibində bir çox perspektivli idmançılarımızın yer aldığını bildirib. Qeyd edilib ki, 15 yaşadək potensiallı idmançılar arasında Adil Əhmədzadə (Bakı), Mərziyyə Nurmətovanı (Sumqayıt) vurğulamaq olar. Onlar Avropa birinciliyində fərqləniblər. On bir yaşadək stolüstü tennisçilər arasında isə Avropa yığma komandasına namizəd idmançılardan Onur Quluzadə, Tunar Bağırov (Şabran), Yağmur Məmmədli, Xədicə Ellazova (Sumqayıt) perspektivli idmançılardan sayılırlar. Onlar avqustun əvvəlində Avropa seçim turlarının Macarıstanda keçiriləcək digər mərhələsində iştirak edəcəklər.

Vitse-prezident cari ildə tennisçilərimizin bir sıra ölkədaxili və beynəlxalq turnirlərə qatılacaqlarını deyib. O, bu yarışlardan avqust ayında Macarıstanın Kişkunfeldhaza şəhərində keçiriləcək Eurotalents seçim turnirini, Fransanın Şiltiqheim şəhərində təşkil ediləcək Eurominichamps və sentyabrda Latviyanın Riqa şəhərində yeniyetmələrin qatılacağı beynəlxalq turniri, noyabrda isə Gürcüstanın Tiflis şəhərində baş tutacaq pro-tur yarışlarını vurğulayıb. Ölkədaxili turnirlərdən isə stolüstü tennisçilərimizin avqustda Milli Olimpiya Komitəsinin 30 illiyi ilə bağlı yarışda, oktyabr ayında baş tutacaq böyüklərdən ibarət ölkə kuboku turnirində, noyabr ayında planlaşdırılan Zəfər Gününə həsr olunmuş yarışda, dekabr ayında isə federasiya kuboku uğrunda TOP-8 turnirlərində iştirak edəcəkləri bildirilib.

Elmar İslam stolüstü tennisçilərin bu yaxınlarda təşkil ediləcək İslamiadada hazırlığından da danışıb. Qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarında Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova iştirak edəcəklər. Qurum rəsmisi komandanın yaxşı nəticələr qazanacağına ümid etdiyini vurğulayıb: “Komandamız ilin əvvəlindən İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır. Türkiyənin Konya şəhərində keçiriləcək yarışa hazırlıq artıq başa çatmaq üzrədir. İndiyədək yığmanın həm ölkə daxilində, həm də Türkiyədə təlim-məşq toplanışlarında iştirakı təmin edilib. İslamiadaya hazırlıqla bağlı Qax Olimpiya İdman Kompleksində əsasən, taktiki və texniki çalışmalara üstünlük verilib. Komandamız, demək olar ki, yarışa tam hazırdır. Stolüstü tennisçilərimiz avqustun 5-də Konya şəhərinə yola düşəcəklər. Həmin vaxtadək isə idmançılarımızın hazırlığı davam edəcək. İslamiadada komandamızdan uğurlu nəticələr gözləyirik. Ümid edirik ki, stolüstü tennisçilərimiz onlara bəslənən etimadı doğruldacaqlar”.

Xəbər 289 dəfə oxundu.