Gimnastımız Nazənin Teymurova Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında beşinci olub
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalına yekun vurulub. Yarışda mübarizəyə 10 idman növü üzrə 50 ölkədən 4 minə yaxın idmançı qoşulub. Əslində bu şəhərin ötən il iyulun 25-dən 31-dək festivala ev sahibliyi edəcəyi planlaşdırılsa da, yarış koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Festivala 33 idmançı ilə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində ənənəvi olaraq Azərbaycanın kişi və qadın idman gimnastları da yer alıblar.

Yarışda qadınlar arasında ölkəmizi Nazənin Teymurova, Duyğu Əlizadə, kişilərin mübarizəsində isə Ramin Dəmirov, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil ediblər.

Komandamıza ən yaxşı nəticəni gimnastımız Nazənin Teymurova qazandırıb. İdmançımız dayaqlı tullanmada finala vəsiqə qazanaraq, yarışları beşinci pillədə başa vurub. Qeyd edək ki, gimnastika tariximizdə ilk dəfədir ki, qadınlar arasında bu növ üzrə gənc idmançımız Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.

N.Teymurova komanda yoldaşı Rəsul Əhmədzadə ilə qarışıq cütlük proqramında da finala adlamağı bacarsa da, təəssüf ki, idmançılarımızın topladıqları xallar medal qazanmağa kifayət etməyib. Təmsilçilərimiz bu proqramda 10-cu pillədə qərarlaşıb.

Xəbər 207 dəfə oxundu.