Yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib
Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş şahmat turniri keçirilib.

İyulun 27-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində 26 iyul - Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş 12-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib.

Turnirdə 50 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən Ağaməmməd Mirzəyev I, Məryəm Baxışova II, Şahlar Şahlarlı III yeri tutub.

Yarışın bağlanış mərasimində 3 nömrəli şahmat məktəbinin direktoru Cəmil Fətullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışın baş hakimi Fidan Talıbova qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Təltifolunma mərasimində yarışın qaliblərinə Baş İdarə tərəfindən kubok, diplom və medallar təqdim edilib.

Xəbər 340 dəfə oxundu.