Azərbaycan Kikboksinq Federasiyasının prezidenti: İslamiadada çıxış edən bütün idmançılarımızdan medal gözləyirik
Beşinci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksinqçiləri avqustun 16-da mübarizəyə qoşulacaqlar. Hazırda milli komanda Balakən rayonunda təlim-məşq toplanışındadır. Komandamız Konyada həm lou kik, həm də full kontakt versiyalarında mübarizə aparacaq. Ümumilikdə orada 24 idmançı və 5 məşqçi ilə təmsil olunacağıq.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyanın mətbuat xidmətinə açıqlamasında qurumun prezidenti Orxan Əliyev deyib.

O, İslamiadada kikboksinq yarışlarının avqustun 18-dək davam edəcəyini bildirib və Azərbaycan millisinin əsas rəqiblərinin adlarını açıqlayıb: "Əlbəttə, biz İslamiadada çıxış edən bütün idmançılarımızdan medal gözləyirik. Bildiyiniz kimi, burada çıxış edən bütün idmançılarımız sonuncu ölkə çempionlarıdır. Bu yarışda qardaş Türkiyə idmançıları da meydan sahibi olaraq güclü heyətlə mübarizə aparacaqlar. Eyni zamanda Özbəkistan və Qazaxıstan idmançıları da iddialı çıxışları ilə bütün kikboksinq yarışlarında yadda qalırlar. Amma buna baxmayaraq, bizim milli komandada dünyada tanınan idmançılarımız çıxış edir. Bu da bizə deməyə əsas verir ki, ilk üçlükdə Azərbaycan idmançıları da yer alacaq”.

İslam Həmrəyliyi Oyunlarının dövlətimiz tərəfindən də xüsusi diqqətdə saxlanıldığını deyən O.Əliyev deyib: “İdmançılarımızın təlim-məşq toplanışlarına cəlb olunmasında göstərdiyi köməyə görə, gənclər və idman naziri Fərid Qayıbova, onun müavini Mariana Vasilevaya təşəkkür edirəm. Eyni zamanda, Milli Məclisin sədr müavini, federasiyanın fəxri prezidenti Adil Əliyevə hər zaman idmançıları xüsusi diqqətdə saxladığı, onlara dəstək olduğu üçün minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Azərbaycanın kikboksinq millisi avqustun 14-də Konyaya yola düşəcək.

Xəbər 438 dəfə oxundu.