Yelizaveta Səmədova: Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum
Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum. Hər birimizin şəxsi həyatımız, ailəmiz, övladımız var və müəyyən çətinliklərimiz olur. Amma məsələ milli komanda olduğu zaman mən ailəmin, yaxınlarımın və komandamın dəstəyini hiss etdim.
Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Y.Səmədova komandada yaxşı ab-hava olduğunu diqqətə çatdırıb: “Məşqçilər və oyunçular arasında əsl komanda ruhu hiss olunur. Hər birimiz İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının təsnifat mərhələsində oyunların məsuliyyətini hiss edirik. Buna görə də məşqlərdə bütün gücümüzlə çalışırıq. Əsas rəqiblərimizi tanıyırıq. Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək. Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq, səhvsiz oynamalıyıq. İnanıram ki, biz hər iki yarışdan Vətənə qələbə ilə dönəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi “Avro-2023”ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, “Konya-2021” İslam Həmrəyliyi Oyunlarında isə A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya yığmaları ilə üz-üzə gələcək.

Xəbər 402 dəfə oxundu.