U-15 Avropa çempionatında komanda hesabında 2-ci yeri tutan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında komanda hesabında 2-ci yeri tutan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığma komanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda böyük coşğu ilə qarşılanıb.

Qarşılanma mərasimində iştirak edən Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri rekord nəticəyə imza atan komanda üzvlərini təbrik ediblər.

Milli Komandanın böyük məşqçisi Namiq Quliyev komandanın yüksək səviyyədə çıxış etdiyini deyib.

“Baxmayaraq ki, 10 çəkidən 8-də təmsil olunduq. Əslində biz komanda hesabında çempion olmağa getmişdik. Məlum səbəbdən 2-ci yeri tutduq. Bu yarışda parlayan ulduzlarımız oldu. Hətta 2008-2009-cu il təvəllüdlü medalçılarımız oldu. Onlardan gələcəkdə daha böyük nəticələr gözləyirəm”, - deyə Namiq Quliyev əlavə edib.

Avropa çempionu Məhərrəm Rzayev qeyd edib ki, yarışda Bolqarıstan, Yunanıstan və Macarıstan idmançılarına 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda erməni güləşçini 6:1 hesabı ilə məğlub edərək finala yüksəldim. Finalda da Gürcüstan idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu oldum.

“Yarışa yaxşı hazırlaşmışdıq. Görüşlər mənim üçün rahat keçdi. İnşallah, bundan da böyük qələbələr olacaq. Hədəfim dünya və olimpiya çempionu olmaqdır”, - deyə Avropa çempionu Səid Paşayev bildirib.

“Bütün Azərbaycan xalqını salamlayıram. Bürünc medal uğrunda görüşdə Ermənistan idmançısı ilə qarşılaşdım. Zədələrim var idi. Buna baxmayaraq, rəqibimə qalib gəldim. Mən də gələcəkdə dünya və olimpiya çempionu olmaq istəyirəm”, - deyə Avropa üçüncüsü Fərhad Süleymanov qeyd edib.

Avropa üçüncüsü Məhəmməd Abbaszadə isə əziyyəti olan hər kəsə təşəkkürünü bildirib və bundan da yaxşı nəticələr qazanacaqlarını qeyd edib.

Qeyd edək ki, Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (41 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) qızıl, Həsən Həsənov (41 kq) gümüş, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) isə bürünc medal qazanıblar.

Xəbər 301 dəfə oxundu.