“Araz-Naxçıvan” klubu heyətini iki futzalçı ilə gücləndirib
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarını davam etdirir.

Baş məşqçi Joze Alesio da Silvanın istəyi ilə klub rəhbərliyi ötən mövsümü “Neftçi”də keçirən Cavad Məmmədov və U-19-un yetirməsi Xəzər Ağalızadə ilə anlaşıb.

C.Məmmədov qapıçıdır. İyirmi bir yaşlı qolkiper millinin də toplanışlarına dəvət edilir. Hətta o, ötən ilin aprelində Bakıda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Yunanıstan yığması ilə keçirilmiş matçda millinin heyətində debüt edib. X.Ağalızadə isə son 3 ildə U-19-un formasını geyinib və bu komandanın heyətində Avropa çempionatının seçmə mərhələsində də iştirak edib. On doqquz yaşlı futzalçı hətta bir dəfə A millinin Ukrayna ilə ötən ilin dekabrında keçirdiyi yoldaşlıq oyunlarına cəlb edilib, amma məşq prosesində zədələndiyinə görə, debütü alınmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.

Xəbər 249 dəfə oxundu.