Azərbaycanın “Moonlight” komandası “European gym for life challenge” yarışında gümüş medala layiq görülüb
İsveçrənin Nevşatel şəhərində “Avropa Gimnastikası”nın təşkilatçılığı ilə “European gym for life challenge” adlı yarış keçirilib. “Gimnastika hamı üçün” növü üzrə sayca 3-cü dəfə keçirilən kütləvi idman festivalında 12 ölkədən 873 gimnast 31 qrup tərkibində mübarizə aparıb.

Yarışda ölkəmizi “Moonlight” komandası təmsil edib. İştirakçıların bir-birindən maraqlı və rəngarəng kompozisiyaları əsasən müxtəliflik, texnika, təhlükəsizlik, orijinallıq, ümumi təəssürat və əyləncə meyarlarına görə dəyərləndirilib.

Bu növ yarışlarda bütün iştirakçılar qalib hesab olunaraq, onlara qızıl, gümüş və bürünc medallar təqdim edilir. Azərbaycanın 33 idmançısının yer aldığı “Moonlight” komandası milli və əcnəbi musiqi sədaları altında parlaq çıxışları ilə ən yaxşılardan seçilərək gümüş medala layiq görülüb. Komandamızın heyətində nəinki paytaxt idmançıları, həmçinin Naxçıvan və Zaqatalanı təmsil edən gimnastlar da yer alıblar.

2018-ci ildə Belçikada keçirilən “European gym for life challenge” yarışında və 2017-ci ildə Norveçdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təşkil etdiyi “World gym for life challenge” festivalında Azərbaycan təmsilçiləri qızıl medal əldə ediblər.

Qeyd edək ki, bugünlərdə eyni şəhərdə keçiriləcək “EUROGYM” yarışında Azərbaycanın “Flame” komandası çıxış edəcək.

Xəbər 249 dəfə oxundu.