Azərbaycan üzgüçüləri gənclərin Avropa çempionatından Vətənə qayıdıblar
Rumıniyanın paytaxtı Buxarest şəhərində üzgüçülük üzrə gənclərin Avropa çempionatına qatılan milli komanda dünən axşam saatlarında Vətənə dönüb. Bu yarışda ölkəmizi 3 idmançımız - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edib.

Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.

Heydər Əliyev adına Beynəlxalq Aeroportunda milli komandanı Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, idmançıların yaxınları və idmansevərlər qarşılayıblar.

Qeyd edək ki, gənclərin Avropa çempionatında Ramil Vəlizadə 200 metr batterflyay üsulunda 35 idmançı arasında bürünc medal qazanıb.

Azərbaycan üzgüçülük tarixində bir ilkə imza ataraq Avropa çempionatında bürünc medal qazanan Ramil Vəlizadə xoş, mehriban qarşılanmaya görə hər kəsə minnətdarlığını bildirib.

“Mən çox sevinirəm ki, belə bir vacib turnirdə 3-cü yer qazanaraq bürünc medal qazana bildim. Bu qələbə uzun illərdir məşqçilərimin və mənim birgə gərgin çalışmalarımızın nəticəsidir. Söz verirəm ki, bundan sonra da var gücümlə çalışaraq beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışacağam”, - deyə Ramil Vəlizadə əlavə edib.

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbürrəhmanov yetirməsinin belə bir mötəbər turnirdə bürünc medal qazandığı üçün çox xoşbəxt olduğunu söyləyib.

“Bütün üzgüçülərimiz, milli komanda yarışlara böyük həvəslə hazırlaşır. Lazım olan bütün şərait yaradılıb. Mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak edirik, beynəlxalq turnirlərə qatılırıq. Əlbəttə, bunlar hər biri idmançılarımızın təcrübələrinin, peşəkarlıqlarının artmasında yardımçı olur. Həm nazirlik, həm də federasiya üzgüçülərimizə lazımi dəstəyi göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə üzgüçülük gündən-günə inkişaf edir. Ramil Vəlizadənin və digər üzgüçülərimizin beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr bunu deməyə əsas verir”, - deyə Rəşad Əbdürrəhmanov əlavə edib.

Xəbər 597 dəfə oxundu.