Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandamız ölkə idmançılarının reytinq cədvəlində liderliyini qoruyub
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Siyahıda Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandası liderliyini qoruyub. Belə ki, komandamız apreldə Bakıda və mayda İspaniyanın Pamplona şəhərində təşkil edilən dünya kuboku yarışlarında, iyunda İsrailin Təl-Əvivdə keçirilən Avropa çempionatında əldə etdiyi uğurlu nəticəyə əsasən, 435 xalla birinci sırada qərarlaşıb. Komanda ötən ayın reytinq sıralamasında da birinci pillədə yer almışdı.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, bədii gimnastımız Zöhrə Ağamirova eyni yarışlardakı çıxışlarının yekun nəticəsinə əsasən, bir pillə irəliləyərək, 250 xalla ikinci yerə yüksəlib.

İdman gimnastımız Nikita Simonovun martda Qətər və Misirdə, martın 31-dən aprelin 3-dək Bakıda, mayda Bolqarıstanda və iyunda Xorvatiyada keçirilən dünya kuboku yarışlarında uğurlu çıxışı idmançımızın 165 xalla reytinq sıralamasında 6-cı pillədə yer alması ilə nəticələnib.

Gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova apreldə paytaxtımızda keçirilən dünya kuboku yarışında və sonuncu Avropa çempionatındakı çıxışlarının nəticəsinə görə 160 xalla reytinq sıralamasının 7-ci pilləsindədir.

Batutçumuz Selcan Mahsudova ölkəmizdə və İsveçrədə keçirilən dünya kuboku yarışlarında və İtaliyada keçirilən Avropa çempionatında çıxışlarının yekununa əsasən, 105 xalla 12-ci sıradadır.

İdman gimnastımız İvan Tixonov martda Qətərdə, iyunda Xorvatiyada keçirilən dünya kuboku yarışlarında çıxışlarının yekununa əsasən 90 xalla 19-cu pillədə yer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Xəbər 334 dəfə oxundu.