Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qubada təlim-məşq toplanışını başa vurub
Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının Qubada təlim-məşq toplanışı başa çatıb.

10 günlük hazırlıq prosesində millinin üzvləri - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abasov və Vasif Durarbəyli iştirak ediblər.

Hazırlığın sonuncu günündə milli komandanın üzvləri AŞF-nin rəsmi saytına açıqlama veriblər.

Üçqat Avropa çempionu Qədir Hüseynov hazırlığın vacib olduğunu deyib: “Azərbaycanın dilbər şəhəri Qubada təlim-məşq keçdik. Gündə 7 saat məşğul olurduq. İlin əsas şahmat yarışlarından biri Hindistanın Çennay şəhərində olacaq. Bu il olimpiadada rekord sayda 188 ölkə iştirak edəcək. Əsas məqsəd Ümumdünya Şahmat Olimpiadasından medalla qayıtmaqdır. Əlimizdən gələni edəcəyik ki, Vətənə medalla qayıdaq”.

Beynəlxalq qrosmeyster Vasif Durarbəyli toplanışı yüksək qiymətləndirib: “Bildiyiniz kimi şahmatda hazırlıq iki hissədən ibarətdir: nəzəri və praktik. Biz çalışırıq burada nəzəri hissəni həll edək. Olimpiada üçün müxtəlif hazırlıqlar quruldu. Komandanın bir yerdə olmasında əsas məqsəd komanda ruhu yaratmaqdır. Yarışda ayrı-ayrı lövhələrdə oynasaq belə komanda olaraq müsbət enerjinin yaranması faydalıdır. Ümid edirik ki, Qubada keçirdiyimiz hazırlıq olimpiadada bizə kömək edəcək”.

Milli komandanın üzvü, beynəlxalq qrossmeyster Nicat Abasov hazırlıqdan razı qaldığını bildirib: “Qubada hazırlıq prosesində intensiv məşqlər oldu. Ümid edirik ki, bu il ilk dəfə olimpiadadan Vətənə medalla geri dönəcəyik”

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin hazırlığı Bakıdakı toplanışla yekunlaşacaq.

Hindistanın Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadası iyulun 28-də start götürəcək. Azərbaycan olimpiadada həm kişilər, həm də qadınlar arasında yarışlarda təmsil olunacaq.

Xəbər 398 dəfə oxundu.