Dünya çempionatında futzal millimizin rəqibləri müəyyənləşəcək
Bu gün futzal üzrə 2024-cü ildə keçiriləcək Avropa zonası üzrə əsas seçmə mərhələnin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan milli komandasının da rəqibi bəlli olacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Millimiz mübarizəyə bu mərhələdən start verəcək. Komandalar artıq səbətlərə bölünüb. Reytinq cədvəlində 7-ci pillədə qərarlaşan millimiz birinci səbətdə yer alıb. Bu isə o deməkdir ki, komandamız eyni səbətdə qərarlaşan komandalarla qarşılaşmayacaq.

Azərbaycanla yanaşı, birinci səbətdə Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Xorvatiya, Serbiya, Ukrayna, İtaliya, Çexiya, Gürcüstan, Finlandiya, Slovakiya, ikinci səbətdə Sloveniya, Bosniya və Herseqovina, Polşa, Rumıniya, Niderland, Belarus, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Moldova, üçüncü səbətdə isə Monteneqro, Kosovo, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Avstriya yer alıblar.

Seçmə mərhələnin oyunları sentyabrın 12-21-də, oktyabrın 3-12-də, noyabrın 6-9-da və fevralın 27-dən martın 8-dək keçiriləcək.

Məlumat üçün qeyd edək ki, əsas mərhələdə 36 komanda iştirak edəcək. Komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – aprelin 10-19-da keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə ev sahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü ilin yanvarın 25-də, oyunları isə aprelin 8-17-də keçiriləcək.

Qeyd edək ki, Rusiya millisinin FİFA və UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilkin mərhələdə ən yaxşı nəticəyə malik 3-cü pillənin sahibi Norveçə əsas mərhələdə iştirak etmək hüququ yaradıb. Onu da qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan milli komandaları eyni qrupda yer ala bilməz.

Xəbər 294 dəfə oxundu.