Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Şəhid general–mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 2010-cu il təvəllüdlü və daha az yaşda idmançılar iştirak ediblər. Fərdi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonlardan 70-ə yaxın stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

Bu gün keçirilən həlledici görüşlərin nəticələrinə əsasən, qızlar arasında Yağmur Məmmədli (Sumqayıt) ölkə çempionu adını qazanıb. Xədicə Eylazova (Sumqayıt) ikinci, Banu Baytallı və Aynur Ağayeva (Bakı) üçüncü yerləri tutublar.

Oğlanların mübarizəsi Onur Quluzadənin (Bakı) qələbəsi ilə başa çatıb. Tunar Bağırov (Şabran) gümüş, İbrahim Rəhimzadə (Bakı) və Uğur Nəzərli (Sumqayıt) bürünc medala layiq görülüblər.

Fərqlənən idmançılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandrılıblar.

Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırlıması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsi idi.

Xəbər 480 dəfə oxundu.