Arif Rəhimov: Əsas hədəfimiz Bakıda daha çox Formula 1 yürüşünün keçirilməsi və yarışın tarixi status almasıdır
Azərbaycan Qran-Prisi 2016-cı ildən Formula 1 təqvimində yer alır. Yürüş azarkeşlər tərəfindən böyük maraqla qarşılanır və bu, bizi çox sevindirir.

Bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Avstriyanın “motorsport-magazine.com” saytına müsahibəsində deyib.

Azərbaycanda 6 yarışın təşkil olunduğunu diqqətə çatdıran A.Rəhimov bildirib: “Əsas hədəfimiz Bakıda daha çox yürüşün keçirilməsi və yarışın tarixi status almasıdır. Bakının yürüşün Montsa, Monako və Spa kimi yarışlarla eyni status qazanmasını istəyirik. Əgər Formula 1 rəhbərliyi ilə uzunmüddətli müqavilə bağlasaq, o zaman Bakı da ənənəvi yarışların keçirildiyi məkana çevriləcək. Azarkeşlər bilirlər ki, may ayının sonuncu bazar günü Monako Qran-Prisi təşkil olunur. Biz istərdik ki, Azərbaycan Qran-Prisi üçün həmin tarix iyunun ayının ortası kimi tanınsın”.

“İdman ənənələrini qoruyub saxlamaq lazımdır. Mən ənənəvi yarışların təqvimdə qalmasını istəyirəm. Bu treklər yarış ruhunu daşıyır. Onlar hər kəs üçün yaxşıdır. Ənənənin olması hər bir idman növü üçün vacibdir. Əgər bu baş vermirsə, həmin yarışa azarkeşlərin marağı az olacaq”, - deyə A.Rəhimov əlavə edib.

Xəbər 266 dəfə oxundu.