Buxarestdə keçirilən U-17 Avropa çempionatı güləşçilərimiz üçün tarixi nəticələrlə yadda qalıb
Bolqarıstan (U-23) və Macarıstanda (böyüklər) keçirilən qitə birinciliklərində qazanılan qələbələrin davamı Rumıniyadan gəldi. 13-19 iyunda Buxarestdə keçirilən U-17 Avropa çempionatı Azərbaycan güləşi üçün tarixi nəticələrlə yadda qaldı.

Məsul yarışda ölkəmizi təmsil edən iyirmi altı idmançıdan 20-si fəxri kürsüyə qalxdı. Rumıniyada doqquz dəfə himnimiz səsləndi.

Güləşçilərimizin 7-si gümüş, 4-ü isə bürünc medal qazandı. Azərbaycan 3 növün cəmində həm medalların sayına, həm də əyarına görə birinci yeri tutdu. İkinci pillədə Ukrayna (5-1-12), üçüncü pillədə isə Türkiyə (4-7-4) qərarlaşdı.

Göründüyü kimi, bu Avropa çempionatı Azərbaycan güləşi adına rekordlarla əlamətdar oldu. Bu yaş qrupunda ilk dəfə 2 komandamız eyni vaxtda Avropa çempionu oldu, hər 3 növdə komanda hesabında bu yaş qrupu üzrə güləş tariximizin ən yüksək xalını topladıq, yunan-Roma güləşində medalların sayına görə (8) yeni rekord müəyyənləşdirildi, sərbəst güləşdə medalların əyarına görə yeni rekord qeydə alındı, Azərbaycan üç növün cəmində həm medalların əyarına, həm sayına, həm də ölkələrin ümumi sıralamasına görə öz rekordunu yenilədi.

Xəbər 358 dəfə oxundu.