Şose velosipedi üzrə Azərbaycan çempionatında oğlanlar və qızlar mübarizə aparacaqlar
iyunun 18-19-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil ediləcək yarışda 17 yaşadək, gənclər və U23-Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparacaqlar.

İlk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmələr, ikinci yarış günündə isə “Dreamland” Qolf Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşmələrində yarışacaqlar.

Çempionatın proqramına əsasən, fərdi ötüşmələrdə U17 yaş kateqoriyasındakı idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U23-Elit yaş kateqoriyasında olan qadınlar 20 kilometr, U23-Elit yaş kateqoriyasında olan kişilər isə 38 kilometr məsafə qət edəcəklər.

Qrup ötüşmələrində 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 kilometr, gənc oğlanlar 90 kilometr, 23 yaşadək kişilər 120 kilometr və elit yaş kateqoriyasında olan kişilər isə 135 kilometr məsafədə yarışacaqlar.

Yarışın qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Xəbər 364 dəfə oxundu.