Azərbaycan gimnastı Avropa çempionatında bürünc medal qazanıb
İsrailin Təl-Əviv şəhərində bədii gimnastika üzrə Avropa çempionatı davam edir. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi qitə çempionatında 39 ölkədən 286 gimnast (91 fərdi böyüklər, 83 fərdi gənclər, 19 qrup hərəkətləri komandası) mübarizə aparır.

Yarışın ikinci günü gənclər arasında qüvvəsini sınayan yığma komandamızın üzvü Kamila Qafarovanın bürünc medalı ilə yadda qalıb. Gürzlərlə yarışda hakimlərdən 28,850 xal alan idmançımız inamlı çıxışı ilə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. İdmançımız halqa ilə hərəkətlərin icrasına görə 6-cı (29.050 xal) olub.

Həlledici mərhələdə gimnastımız Alina Məmmədova da topla hərəkətlərin icrasında 6-cı pillədə (29.050 xal) qərarlaşıb. Komandamızın digər üzvü Mədinə Dəmirova lentlə hərəkətlərin icrasına görə (26.250 xal) 7-ci yerə sahiblənib.

Bu gün Avropa çempionatında həmçinin böyüklər arasında fərdi növdə gimnastlarımız təsnifat mərhələsində mübarizəyə qoşulublar. Komandamızın üzvü Zöhrə Ağamirova topla çıxışını 5-ci pillədə (32.050 xal) başa vuraraq finala adlayıb. İyunun 18-də idmançılarımız güzrlər və lentlərlə təsnifat mərhələsində proqramlarını nümayiş etdirəcəklər. Eləcə də çoxnövçülük üzrə finalçılar müəyyənləşəcək.

Qeyd edək ki, Avropa çempionatı, həmçinin dünya çempionatına təsnifat xarakteri daşıyır.

Xəbər 248 dəfə oxundu.