Avropa çempionatının qalibi olan güləşçilərimiz Vətənə qayıdıblar
Rumıniyanın Buxarest şəhərində rekord nəticə ilə Avropa çempionu olan yunan-Roma güləşi üzrə U-17 milli komandamız Vətənə qayıdıb.

8 medalla 175 xal toplayaraq aşkar üstünlüklə titulunu qoruyan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük çoşğu ilə qarşılanıb.

Qarşılanma mərasimində komandanın böyük məşqçisi Taleh İsrafilov qələbəni belə şərh edib: "İkinci dəfə Avropa çempionu olduq. Güləş ailəsi adından hamını təbrik edirəm. Bu qələbəni şəhidlərimizə həsr edirəm. Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionatının qalibi olduq. İnşallah, bu uşaqlardan gələcəkdə Olimpiya çempionları yetişəcək. Digər çəkilərdə - 51, 65 və 71 kiloqram çəki dərəcələrində də çempion ola bilərdik. Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq. Növbəti hədəfimiz dünya çempionatıdır. Federasiya rəhbərliyi ilə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik".

U-17 Avropa çempionatında 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) bunları deyib: "Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Bu da öz nəticəsini göstərdi. 8 medalla komanda hesabında 1-ci yeri tutduq. İnşallah, dünya çempionatında da bu nəticəni əldə edəcəyik. Ermənilərlə keçirdiyimiz 4 görüşün hamısında qələbə qazandıq".

Digər Avropa çempionu Məhəmməd Qasımzadənin (60 kq) fikirləri isə belə olub: "Hamı yarışa çempion olmağa gedir. Uşaqlarımız yaxşı güləşdi. Hamı əzmlə mübarizə apardı, əziyyət çəkdi və bunun da nəticəsini gördük. 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazandıq. Öz görüşlərimə gəlincə, əvvəlcə erməni rəqibimə 8:7 hesabı ilə qalib gəldim. Daha sonra Moldova və Finlandiya güləşçilərini 9:0 hesabı ilə məğlub etdim. Finalda isə Gürcüstan idmançısı üzərində 9:1 hesablı qələbə qazanaraq Avropa çempionu oldum".

Ətraflı

Xəbər 332 dəfə oxundu.