İyirmi üç yaşadək qadın və kişilər arasında Bakı şəhər çempionatının açılış mərasimi keçirilib
İyunun 10-da Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində 23 yaşadək qadın və kişilər arasında Bakı şəhər çempionatına start verilib.

Əvvəlcə yarışın açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov yarışın iki gün davam edəcəyini deyib: “Bakı çempionatı oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq baxımından mühüm rol oynayır. Eyni zamanda, bu yarış Milli Olimpiya Komitəsinin 30 illik yubileyi ərəfəsində keçirildiyi üçün xüsusi əhəmiyyət kəsb edir”.
Yarışa 40-a yaxın klubun qatıldığını bildirən R.Abbasov cüdonun regionlarda coğrafiyasının genişləndiyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, Azərbaycanda populyar idman növlərindən biri olan cüdoda böyük nailiyyətlər əldə edilib: “Cüdo ölkəmizdə sevilən idman növlərindən biridir. Yarış maraqlı mübarizə şəraitində keçir. Turnirdə idmançıların potensiallarından maksimum istifadə etmələri üçün hər bir şərait yaradılıb”.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin nümayəndəsi İntiqam Səfərov, federasiya prezidentinin müşaviri Natiq Bağırov yarış iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, turnirin ilk günündə paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 201 idmançı medallar uğrunda mübarizə aparır. Qadınlar 48, 57, 78, 78-dən yuxarı, kişilər isə 60, 73, 90 və 100 kiloqram yuxarı çəki dərəcələrində yarışırlar.

Xəbər 432 dəfə oxundu.