Yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə Azərbaycan və Bakı şəhər birinciliyinə start verilib
28 May - Müstəqillik Günü münasibəti ilə Sağan Olimpiya İdman Kompleksində yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə Azərbaycan birinciliyi və Bakı şəhər birinciliyinə start verilib.

Azərbaycan birinciliyində 2006-2008-ci il təvəllüdlü oğlanlar, Bakı şəhər birinciliyində isə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar qüvvələrini sınayırlar. Yarışın açılış mərasimində iştirak edən Olimpiya çempionu Lyudmila Şubina və beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov çıxış edərək komandaların sayının artmasının həndbolun inkişafına töhfə verəcəyini vurğulayıblar. Yaxın günlərdə həndbol üzrə növbəti Azərbaycan çempionatının keçiriləcəyini diqqətə çatdıran Azərbaycan Həndbol Federasiyasının nümayəndələri iştirakçılara uğurlar arzulayıblar.

Yarışın ilk günündə qızlardan ibarət komandalar bir, oğlanlar isə iki dəfə meydana çıxmaqla, ümumilikdə üç oyun keçirilib. Açılış matçında 6 saylı İOEUGİM-1 komandası 6 saylı İOEUGİM- 2 kollektivinə 10:7 hesabı ilə qalib gəlib.

Oğlanlar arasındakı ilk qarşılaşmada “Bakı 2” komandası “Gəncə”ni 20:19 hesabı ilə üstələyib.

Günün son görüşündə “Mingəçevir” və “Bakı – 3” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun Mingəçevir həndbolçularının 21:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarışlar iyunun 5-dək davam edəcək.

Xəbər 546 dəfə oxundu.