Mariana Vasileva: Bakıda atıcılıq üzrə dünya kuboku yarışı yüksək səviyyədə təşkil edilib
Bakıda atıcılıq üzrə dünya kuboku yarışı yüksək səviyyədə təşkil edilib. Ölkəmizdə çox sayda beynəlxalq yarışlar keçirildiyi üçün bu sahədə zəngin təcrübəmiz var. Digər tərəfdən Azərbaycan öz qonaqpərvərliyi ilə seçilir. Dünyanın bütün ölkələri böyük məmnuniyyətlə Azərbaycandakı yarışlara qatılırlar. Üstəlik, koronavirus pandemiyasından sonrakı dövrdə belə bir geniş miqyasda tədbir təşkil etməyi hər ölkə bacarmır.

Bu sözləri jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib. O, turnirdə yüksək təşkilatçılıq səviyyəsinə görə minnətdarlığını bildirib: “Başda Azərbaycan Atıcılıq Federasiyasının prezidenti olmaqla qurumun nümayəndələri və yarışın Təşkilat Komitəsi 66 ölkənin, 700-dən çox atıcının iştirak etdiyi dünya kuboku yarışının öhdəsindən layiqincə gəlməkdədir. Xarici ölkə təmsilçilərindən kiminlə danışmışamsa, hər biri yenidən Azərbaycana gəlməyi arzuladığını deyib. Bu isə işin öhdəsindən layiqincə gəldiyimizi göstərir”.

Nazir müavini yarışda bütün iştirakçıları dəstəklədiyini bildirib: “Bütün idmançıları dəstəkləyirəm. Bu gün 25 metr məsafəyə tapançadan atəşma yarışlarının qalibi bolqarıstanlı Antoaneta Kostadinovanı isə yaxından tanıyıram, gözlərimin önündə böyüyüb, vaxtilə işlədiyim zalda idmanla məşğul olub. Tokio Olimpiadasının gümüş medalçısıdır. O və məşqçisi mənimlə eyni şəhərdəndirlər”.

Xəbər 479 dəfə oxundu.