Azərbaycanda idmanın, elmin, təhsilin və səhiyyənin inkişafına xüsusi diqqət yetirilir
Azərbaycanda idmanın, elmin, təhsilin və səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Bakıda və respublikamızın müxtəlif bölgələrində, eləcə də Gürcüstanda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə bir sıra idman və bilik yarışlarının təşkili bunun əyani sübutudur.

Bu fikirlər Azərbaycanın Gürcüstandakı səfirliyində “Bakı Marafonu-2022”nin Gürcüstandan olan iştirakçıları ilə görüşdə səslənib.

Səfir Faiq Quliyev deyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə beşinci dəfə keçirilən Bakı marafonuna maraq getdikcə artır. Marafona qoşulanların sayında ildən-ilə artım müşahidə olunur. Marafonda iştirak edənlər eyni zamanda Bakı şəhəri ilə yaxından tanış olur, yeni dostluq əlaqələri qururlar.

Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü münasibətilə səfirlik tərəfindən 2021-ci ilin oktyabrında təşkil olunan Tbilisi-Rustavi marafonunu xatırladan səfir bildirib ki, artıq əldə olunan təcrübə gələcəkdə də bu kimi idman yarışlarını keçirməyə imkan verir.

Diplomat bildirib ki, səfirlik Azərbaycan ilə Gürcüstan arasında idman və təhsil sahələrində əlaqələri daha da təşviq etməyə hər zaman hazırdır.

Gürcüstanlı idmançılar Bakı marafonunda iştiraklarına göstərilən dəstəyə görə Heydər Əliyev Fondu və Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər. Yarışın yüksək səviyyədə təşkil edildiyini qeyd edən marafonçular Bakının füsünkar gözəlliyi ilə bağlı fikirlərini bölüşüblər.

Söhbət zamanı Tbilisinin müxtəlif ərazilərində, Rustavi-Gəncə marşrutu üzrə marafonların keçirilməsi, eləcə də Şuşada bu cür yarışlarının təşkili barədə təkliflər irəli sürülüb.

F.Quliyev deyib ki, səfirlik idman yarışlarının keçirilməsi ilə bağlı istənilən təklif və təşəbbüslərə açıqdır.

Sonda marafon iştirakçılarına sertifikatlar və medallar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Bakı Marafonu – 2022”də Gürcüstandan 20 idmançı iştirak edib. Onlardan 1-i Azərbaycan, 1-i Ukrayna, 1-i Kanada, 2-si Rusiya və 15-i Gürcüstan vətəndaşıdır.

Xəbər 395 dəfə oxundu.