ABŞ yığmasının üzvü: Bakı Atıcılıq Mərkəzi indiyədək gördüyümüz ən möhtəşəm arenalardan biridir
“Bakı Atıcılıq Mərkəzi indiyədək gördüyümüz ən möhtəşəm arenalardan biridir. Tədbir yüksək səviyyədə təşkil olunub, hədəflər də əla yerləşdirilib. Deyərdim ki, indiyədək iştirak etdiyim ən mükəmməl turnirdir. Finala çıxmağımız da gözlənilməz oldu. Nə vaxtsa bunu bacaracağımızı bilirdik. Amma indi qızıl medal qazanmaq möhtəşəm hadisə oldu. Bu, bizi çox sevindirdi. Azərbaycan möhtəşəm ölkədir”.

Bunu Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışında stend atıcılığının səngər növü üzrə qadınlar arasında komanda yarışında qızıl medal qazanan ABŞ yığmasının üzvü Kayl Brouninq bildirib.

Onun komanda yoldaşları Aeriel Alease Skinner və Reyçel Leighanne Tozier də çempionluq təəssüratları ilə bölüşüblər. A.Skinner finalda mübarizənin çox gərgin keçdiyini vurğulayıb: “Qızıl medal uğrunda yarış çox çətin idi. Finalda qələbə qazandığımız üçün çox xoşbəxtəm”.

Reyçel Leighanne Tozier növbəti günlərdə füsunkar şəhər olan paytaxtımızı gəzməyi planlaşdırdıqlarını bildiriblər.

“Bakı Atıcılıq Mərkəzində yarışlar ideal təşkil olunub. Mərkəzin memarlıq üslubu da əla və dəbdəbəlidir. Qəbələdəki atıcılıq mərkəzində də olmuşam. Orada dünya kuboku yarışında iştirak etmişəm. Hər dəfə Azərbaycana yarışda iştirak etmək üçün gələndə özümdə həyəcan hiss edirəm. Çünki buradakı turnirlərdə güclü idmançılar mübarizə aparırlar. Budəfəki turnirdə final mübarizəsi daha gərgin keçdi. Rəqib komanda – Avstraliya yığmasında güclü və sərrast atıcılar yer almışdılar. Yekunda qələbəni qazandığımız üçün məmnunuq”.

Xəbər 432 dəfə oxundu.