“Bakı-2022”: Cənubi Koreya komandası liderliyi ələ keçirib
Bakıda atıcılıq üzrə dünya kuboku yarışı davam edir.

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə komanda yarışında Cənubi Koreya (Hajun Park, Sangdo Kim, Seungho Bang) təmsilçiləri qalib adını qazanıblar. Bu növdə qadınların yarışında isə Hindistan (Shreya Agraval Elavenil Valarivan, Ramita Ramita) atıcıları fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Kişilər arasında pnevmatik tapançadan atəşaçma üzrə komanda yarışı isə İranın (Sajad Poorhosseini Lafmejani Javad Foroughi, Mohammadrasoul Efati) qalibiyyəti ilə başa çatıb. Qadınlarda isə ən yüksək nəticəni Cənubi Koreya (Hyunyoung Yoo, Minjung Kim, Bomi Kim) millisi göstərib.

Qeyd edək ki, ümumi nəticələrə görə, Cənubi Koreya komandası Serbiya yığmasını üstələyərək (3 qızıl, 1 bürünc medal) liderliyi ələ keçirib. Serbiya komandasının aktivində 2 qızıl, 1 gümüş, 1 bürünc medal var.

Xatırladaq ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 324 dəfə oxundu.