Esteban Okon: Növbəti Bakı yürüşündə hər şeyi düzgün yerinə yetirəcəyimə ümid edirəm
Fernando Alonso Monakoda finiş xəttinə yeddinci çataraq mövsüm ərzində özünün ən yaxşı nəticəsini göstərdi. Onun ortağı Esteban Okon finişə doqquzuncu çatsa da, Lyuis Hemiltonla toqquşması nəticəsində aldığı cəriməyə görə protokolda 12-ci pilləyə endi. Alonsonun qazandığı xallar “Alpine” komandasına Konstruktorlar Kubokunda 5-ci yer uğrunda mübarizədə “Alfa Romeo” ilə özü arasında fərqi bir xaladək azaltmağa kömək etdi.

Fernando Alonso bu barədə deyib: “Hava şəraiti ilə bağlı çox çətin yürüş idi. Bu səbəbdən 7-ci yerdən və qazanılan xallardan razı qala bilərik. Strateji qərarlar qəbul etmək çətin idi, lakin biz hər şeyi düzgün etdik”.

Esteban Okon da yürüş barədə fikirlərini bölüşüb: “Bugünkü nəticəni qəbul etmək çətindir. Mən məyusam ki, Monakodan xalsız gedirəm. Sükan arxasında mənə elə gəldi ki, Lyuislə toqquşma yürüş insidenti idi. Çünki Monakoda hər hansı ötmə cəhdi toqquşma ilə nəticələnə bilər.

Komanda bu həftəsonu çox çalışsa da, buradan xalsız getməli oluram. İrəli hərəkət etmək lazımdır - növbəti Bakı yürüşündə hər şeyi düzgün yerinə yetirəcəyimə ümid edirəm”.

Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan mərhələsi 10-12 iyun tarixlərində Bakıda təşkil olunacaq.

Xəbər 260 dəfə oxundu.