Karate və parakarateçilərimiz Avropa çempionatında altı medal qazanıblar
Karateçilərimiz Türkiyənin Qaziantep şəhərində keçirilmiş 57-ci Avropa çempionatını altı medalla başa vurub.

Mükafatların ikisi qızıl, bir o qədəri isə gümüş və bürüncdür.

Qızıl medalları baş məşqçi Rənad Əliyevin rəhbərlik etdiyi parakarate seçmə komandasının üzvlərindən Emiliya Mitilinova (görmə qüsurlu idmançılar) və Eldar Əhmədov (əlil arabası istifadəçiləri) qazanıblar. Nihad Məmmədzadə (görmə qüsurlu idmançılar) isə gümüş medala sahib olub.

Baş məşqçi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev, Rəşad Hüseynov və Seymur Hüseynovun rəhbərlik etdiyi milli komandamız Avropa ikincisi olub. Heyəti Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov, Ayxan Mamayev, Pənah Abdullayev və Tural Ağalarzadədən ibarət komanda fransalı idmançılarla final görüşünə üstünlüklə başlasalar da, sonda rəqibə 1:3 hesabı ilə məğlub olublar. Fərdi kumite yarışlarında isə yeganə medalı üçüncü yerə çıxan Mədinə Sadiqova (55 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev, milli komanda məşqçisi Denis Morozov) qazanıb.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun müşayiət etdiyi İsmayıl Quliyev, Tural Balcanlı, Rövşən Əliyev və Roman Heydərovdan ibarət heyət komanda yarışlarında Avropa üçüncüsü olub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının icraiyyə komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq dərəcəli referilər Cahangir Babayev və Vüqar Kərimov medallar uğrunda məsul görüşləri idarə edən hakimlər arasında yer alıblar.

Avropa Karate Federasiyasının hakimlər komitəsi C.Babayevə beynəlxalq yarışlarda 15 illik hakimlik etməsi münasibətilə rəmzi gümüş nişan təqdim edib.

Karateçilərin qitə çempionatına 45 ölkədən 454 karateçi, parakarateçilərin Avropa çempionatına isə 15 ölkədən 48 idmançı qatılıb. Yekun nəticəyə görə, Azərbaycan ümumi komanda hesabında medal qazanan ölkələr arasında 11-ci yeri tutub. Parakarate üzrə isə idmançılarımız Avropada ikinci olublar.

Xəbər 276 dəfə oxundu.