Klaudia Bres: Dünya kuboku kimi mötəbər turnirin qalibi olduğum üçün çox sevinirəm
Dördüncü dəfədir ki, Azərbaycanda keçirilən yarışlarda iştirak edirəm. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala layiq görülmüşdüm. Düzünü desəm, həmin nəticə məni o qədər də qane etməmişdi. Dünya kuboku kimi mötəbər turnirin qalibi olduğum üçün çox sevinirəm.

Müsahibəsində Bakıda atıcılıq üzrə keçirilən dünya kuboku yarışında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında qızıl medal qazanan polşalı Klaudia Bres bildirib. O, qeyd edib ki, ötən aylar ərzində gərgin məşqlər keçib. Məhz bunun sayəsində istədiyi nəticəni əldə edib. İyirmi yeddi yaşlı idmançı qalib olmaq üçün təkcə fiziki deyil, mənəvi cəhətdən də hazırlıqlı olmağın vacibliyini vurğulayıb: “Əgər bir güllə boşa gedirsə, onun üçün məyus olmamalısan. Bəzən emosiyalar olur, amma özünü ələ almalı və mübarizəni davam etdirməlisən. İdmançı mübarizəyə hərtərəfli hazır olmalıdır”.

Klaudia Bres yarışın təşkilatçılıq səviyyəsi barədə də fikirlərini bölüşüb: “Azərbaycanda təşkil edilən yarışların yüksək təşkilatçılıq səviyyəsini, iştirakçılara diqqət və qayğını xüsusi qeyd etmək istəyirəm. İştirakçılar belə yarışlarda özlərini rahat hiss edir və imkanlarından maksimum dərəcədə istifadə edə bilirlər”.

Xatırladaq ki, Bakıda mayın 28-də atıcılıq üzrə dünya kuboku yarışı start götürüb. İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə qarışıq komanda, komanda və şəxsi yarışlarda iştirak edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 361 dəfə oxundu.