Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışının ilk yarımfinalçıları müəyyənləşib
Bakıda atıcılıq üzrə dünya kuboku yarışı davam edir.

Yarışın birinci günündə qadınlar və kişilər arasında 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışlarında yarımfinalçılar müəyyənləşib. Belə ki, 95 idmançının qatıldığı qadınların turnirində Macarıstan, Fransa, Polşa, Danimarka, Fransa, Rumıniya və Koreyadan 8 atıcı (Polşadan 2 nəfər) yarımfinala vəsiqə qazanıb. Ən yüksək xalı Macarıstan təmsilçisi toplayıb.

Kişilərin yarışında isə Serbiya, Qazaxıstan, İsrail, Hindistan, Macarıstan, Avstriya, Polşa, Xorvatiya idmançıları yarımfinala adlayıblar. Kişilər arasında ən yüksək nəticəni Serbiya idmançısı göstərib.

Azərbaycanı bu növdə 3 kişi, 4 qadın təmsil edib.

Turnirin birinci günündə kişilər və qadınlar 10 metr məsafəyə tüfəng və pnevmatik tapançadan atəşaçma yarışlarında güclərini sınayıblar.

İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayacaq. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçiriləcək. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir. Onlardan 17-si kişi, 19-u qadındır.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 331 dəfə oxundu.