Marian Kolev: Yarış iştirakçıları arasında perspektivli gənclər çoxdur
Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin təmsilçiləri arasında perspektivli gənclər çoxdur.

Açıqlamasında aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi Marian Kolev deyib.

"Şadam ki, Azərbaycan çempionatı və Bakı birinciliyində xeyli sayda gənc idmançı çıxış edir. Bu, yaxşı göstəricidir. Perspektivli gənc idmançılara öz bacarıqlarını təkmilləşdirmək üçün vaxt lazımdır. Bu idmançılar təkcə yerli deyil, həm də beynəlxalq yarışlarda yaxşı nəticələr göstərə biləcəklər. İştirakçıların sayının ildən-ilə artacağına inanıram", - deyə məşqçi vurğulayıb.

M.Kolev onu da bildirib ki, milli komandanın üzvləri bu il iyunun 10-dan 12-dək Portuqaliyada keçiriləcək Dünya Yaş Qrupları Yarışlarında yarışacaqlar. Sonra isə onları daha bir mötəbər yarış -aerobika gimnastikası üzrə dünya çempionatı (16-18 iyun) gözləyir.

"Ümid edirəm ki, gimnastlarımız öz proqramlarını qüsursuz icra edəcəklər. Qeyd edim ki, komandaya yeni gimnastlar cəlb olunublar və onlar yeni proqramla çıxış edəcəklər. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlük Avropa çempionatına vəsiqə üçün mübarizə aparacaq", - baş məşqçi qeyd edib.

Xəbər 345 dəfə oxundu.