FHN-in kikboksinq komandası Azərbaycan çempionatında uğurla çıxış edib
“Sərhədçi” Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.

Cempionatda 42 komandadan 200-ə yaxın idmançı kikboksinqin “full contact” və “low kick” növləri üzrə mübarizə aparıb. Yarışda FHN-in kikboksinq üzrə kişilərdən ibarət altı nəfərlik yığma komandası İdman-sağlamlıq klubunun kikboksinq üzrə məşqçi müəllimi Elşən İsayevin rəhbərliyi ilə yüksək nəticələr əldə ediblər. “Full contact” növündə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı kiçik gizir Camal Məmmədov (54 kq) rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Bundan başqa, “full contact” növü üzrə İdman-sağlamlıq klubunun üzvləri Ayxan Həsənov (71 kq), “low kick” növü üzrə isə Sadiq Nəhmədli (60 kq) və FHN-in Akademiyasının kursantı İlqar Zeynallı (81 kq) yarışın bürünc medalının sahibi olublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

Qeyd edək ki, Camal Məmmədov ikiqat Azərbaycan çempionu, dünya çempionatının gümüş mükafatçısı olmaqla yanaşı, bu ilin avqustunda Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanıb.

Mayın 24-də FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, qazandıqları nailiyyətlərə görə onları təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.









Xəbər 322 dəfə oxundu.