Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər
Böyüklərdən ibarət güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər.

Serbəst güləş üzrə yığmamız mayın 8-dən baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında xüsusi fiziki hazırlığı əhatə edən toplanış keçir. Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesində İsveçrə, Estoniya və Latviya milliləri də iştirak edirlər. Toplanış mayın 25-dək davam edəcək. Komandamız bir neçə gün fasilə verdikdən sonra həmin məkanda növbəti toplanışa başlayacaq. Bu dəfə isə taktiki-texniki çalışmalara üstünlük veriləcək.

Yunan-Roma güləşi üzrə millimiz isə mayın 8-dən Türkiyə və Qazaxıstan yığmaları ilə birgə həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edən təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 13 güləşçi hazırlıq prosesində iştirak edir. Ankaranın Elmadağ qəsəbəsində keçirilən təlim-məşq toplanışı mayın 27-dək davam edəcək.

Qadınlardan ibarət yığmamız Qazaxıstanda məşqləri davam etdirir. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında yerli komandanın üzvləri ilə birgə hazırlıq keçən xanım idmançılarımız toplanış başa çatdıqdan sonra Almatıda təşkil olunacaq Bolat Turlıxanov kuboku yarışında iştirak edəcəklər. İyunun 2-dən 5-dək baş tutacaq bu yarış ilin ikinci reytinq turniri sayılır.

Xəbər 531 dəfə oxundu.