Azərbaycan parataekvondoçusu Avropa çempionatının finalına yüksəlib
Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə kişi taekvondoçularımızdan Pərviz İskəndərov (58 kq), Milad Hərçəqani (87 kq) və parataekvondoçumuz İmaməddin Xəlilov (K44 70 kq) döyüşlərə qatılıblar.

Yarışda uğurla çıxış edən parataekvondoçumuz İ.Xəlilov özbəkistanlı Asilbek Husanovu məğlub edərək yarımfinala yüksəlib. Sonra Gürcüstan təmsilçisi Giorgi Nikoladzeni də yarışdan kənarlaşdıran idmançımız finala vəsiqəni təmin edib. Həlledici mərhələdə onun rəqibi meksikalı Juan Lopez Garcia olacaq.

Komandamızın digər üzvü Milad Hərçəqani (87 kq) yunanıstanlı İoannis Papadopoulos, daha sonra italiyalı Roberto Botta üzərində qələbə qazansa da, növbəti mərhələdə türkiyəli idmançı Taha Bicerə qarşı gərgin keçən döyüşdə qızıl xalla məğlub olaraq mübarizəni dayandırıb. Pərviz İsgəndərov isə ilk qarşılaşmada fransalı taekvondoçu Cyrian Ravetin öhdəsindən gələ bilməyərək çempionatı erkən başa vurub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıb.

Turnir mayın 22-dək davam edəcək.

Xəbər 367 dəfə oxundu.