Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti Syerra-Leoneda keçirdiyi görüşlərdə ölkəmizdə idman sahəsində qazanılmış uğurlardan danışıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leone Respublikasında səfərdədir.

Səfər çərçivəsində mayın 20-də Syerra-Leonenin xarici işlər naziri Devid Fransis, idman naziri İbrahim Nyelenkeh və sosial müdafiə nazirinin müavini Məhəmməd Kabia, Milli Olimpiya Komitəsinin prezidenti Patrik Cokerlə görüşlər keçirilib. Eyni zamanda Syerra-Leone Milli Paralimpiya Komitəsində qurumun rəhbər heyəti, gimnastika və üzgüçülük federasiyasının nümayəndələrinin iştirakı ilə də görüş olub.

İlqar Rəhimov görüşdə Azərbaycanda həyata keçirilən idman və sosial siyasət, ölkədə paralimpiya və abilimpiya hərəkatının inkişafı, əldə edilmiş nailiyyətlər, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, Milli Paralimpiya Komitəsi, Milli Abilimpiya Federasiyası və IBSA-nın fəaliyyəti barədə ətraflı məlumat verib. İ.Rəhimov Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan paralimpiya komandasının nəticələri barədə məlumat verərək bildirib ki, 34 idmançı ilə iştirak edən komandamız 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq dünya sıralamasında Oyunları 10-cu yerdə başa vurub.

Paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin olduqca vacib olduğunu qeyd edən İ.Rəhimov Prezident İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, dövlətimizin başçısı Prezident İlham Əliyevin Azərbaycanda beynəlxalq yarışların və tədbirlərin təşkilini daim dəstəklədiyini bildirib. Eləcə də əlilliyi olan şəxslərin iştirak etdiyi “Bakı-2015” birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, paracüdo üzrə Qran-Prilər, eləcə də bu ilin noyabrında paytaxtımızda keçiriləcək paracüdo üzrə dünya çempionatını misal gətirib. Dünya çempionatından söz açan İ.Rəhimov hökumət nümayəndələrini tədbiri izləməyə dəvət edib.

İ.Rəhimov Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin paralimpiya və abilimpiya hərəkatının inkişafına göstərdiyi dəstək barədə məlumat verib. O, dövlət qurumları ilə daima sıx əlaqədə olduğunu, ölkədə paralimpiya və abilimpiya hərəkatının inkişafı üçün mütəmadi müxtəlif tədbir və layihələrin həyata keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslər idman, peşə, təhsil, incəsənət və digər sahələrə cəlb edilir, onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyası uğurla həyata keçirilir.

Bildirilib ki, idmanla yanaşı əlilliyi olan şəxslər ölkəmizdə peşə sahələrinə də böyük maraq göstərir və onların peşəkar mütəxəssis kimi yetişməsi, gələcəkdə işlə təminatı, eyni zamanda, beynəlxalq peşə çempionatlarında iştirak etməsi məqsədilə Azərbaycan Milli Abilimpiya Federasiyası yaradılıb. Federasiyanın fəaliyyəti barədə məlumat verən İ.Rəhimov Syerra-Leonedə də Abilimpiya Federasiyasının yaradılmasını təklif edib, onun gələcək inkişafı üçün Azərbaycan Milli Abilimpiya Federasiyasının da təşkilati dəstək verəcəyini bildirib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti, eyni zamanda, IBSA-nın fəaliyyəti, təşkilatda mövcud olan idman növləri barədə məlumat verərək qeyd edib ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə qurum tərəfindən tədbirlər görülür və müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. O, görmə məhdudiyyətli şəxslər arasında idmanın təbliğ edilməsinin çox vacib olduğunu vurğulayıb, ölkədə bu istiqamətdə işlərin uğurla aparılması üçün Syerra-Leonenin IBSA-ya üzvlüyünün yenidən bərpasını məqsədəuyğun hesab edib.

Sonra İ.Rəhimov Syerra-Leonedə fiziki və görmə məhdudiyyətli şəxslər üçün müyəssər mühitin yaradılması, işlə təminatı və digər sosial problemlərinin həlli, bu istiqamətdə yeni layihələrin hazırlanması və həyata keçirilməsi məqsədilə yerli qurumların birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Eyni zamanda İ.Rəhimov bu istiqamətdə Azərbaycanda mövcud olan təcrübədən də faydalanmaq məqsədilə öz təkliflərini edib.

Əlilliyi olan şəxslərə cəmiyyətin və müxtəlif qurumların diqqətini yönəltmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edən İ.Rəhimov Azərbaycanda keçirilən tədbirlər barədə məlumat verib. O, 2019-cu ildə Milli Paralimpiya Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan “Yenilməzlər” beynəlxalq qala-təqdimatını və bu il iyunun 24-25-də “Bir dünya, bir ailə” şüarı ilə keçiriləcək “True Colors Festival”ını misal gətirib.

Syerra-Leone Respublikasının hökumət nümayəndələri Azərbaycanda idmanın, xüsusilə paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib, hər iki ölkə arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək Azərbaycan və Syerra-Leone arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib.

Xəbər 292 dəfə oxundu.